Kinodan götürülmüş “əsrin cinayəti” | Retrokriminal
Dahiyanə hər şey son dərəcə sadə olur. Qarət ideyası da o dərəcədə inanılmaz və ağlasığmaz olub ki, dəstənin təşkilatçısı Bryus Reynolds özü də təşəbbüsün uğuruna uzun müddət şübhə edib.
100 milyonu necə oğurlamalı?
Lap əvvəldə belə bir informasiya olub: gündəlik Qlazqo-London poçt qatarına ayda bir dəfə 1-dən 5 funt sterlinqədək əskinaslar doldurulmuş pul kisələrinin yükləndiyi vaqon qoşulur. Həmin kağız pullar uzun müddət işləndiyindən və bu səbəbdən köhnəldiyindən, şotland bankları onları dövriyyədən çıxarır və İngiltərə bankının zirzəmilərində yandırılmaq üçün Londona göndərirdi. Pulların ayrı-ayrılıqda yox, seriyalar üzrə məhv edildiyi köhnə ənənəyə uyğun olaraq yerindəcə yandırmırdılar. Odur ki, dövriyyədən çıxarılmış banknotlar dərhal ləğv edilmirdi. Vaqonu silahlı mühafizəçilər deyil, adi bank işçiləri müşayiət edirdilər. Britaniya maliyyə nazirliyində bunun yetərli olduğunu düşünürdülər, çünki vaqonun pəncərəsi yox idi, qapıları isə möhkəm bağlanırdı.
Bryus Reynolds bunların hamısını həbsxanada öyrənmişdi. O, qazamatın mütəmadi qonaqlarından idi. Zərgərlik mağazalarına basqınlar təşkil etdiyinə görə, on dəfədən çox Skotlənd-Yard əməkdaşlarının əlinə keçmiş və məsuliyyətə cəlb olunmuşdu. Ancaq bəxti gətirir, yetərli dəlillər olmadığından hər dəfə azadlığa çıxırdı.
1961-ci ildə Reynolds yenidən rahatlıq və komfortdan məhrum yerləri ziyarət etməli oldu. Onu İngilis bankının dələduzluqda şübhəli bilinən klerki, 60 yaşlı Ceyms Qriffit ilə bir kameraya saldılar. Qoca çoxdanışan, Reynolds isə son dərəcə diqqətli dinləyici idi.
Növbəti dəfə qoduqluqdan çıxandan sonra o, yarım il ərzində cinayət planı hazırladı və etibarlı adamlar seçdi. Detallar barədə heç kəsə danışmadı. 100 min funt pay vəd etdiyi cinayət ortaqları da bunda israr etmədilər.
“X günü”nə az qalmış Reynolds kənd yerində boşalmış bir ferma kirayələyib, onu mənzil-qərargaha çevirdi. Quldurlar qarətdən sonra özlərini kənd təsərrüfatı fəhlələri kimi qələmə verərək orada bir neçə həftə keçirəcəkdilər. Təşkilatçı özü və yaxın köməkçiləri Ceyms Uayt ilə Baster Edvards üçün başqa variant seçmişdi; kiçik bir təyyarə onları Cənubi Fransaya çatdırmalı idi.
Planın həyata keçirilməsi 1963-cü il avqustun 8-də başladı. Quldurlardan biri Çarlz Vilson, Reynoldsun siqnalına əsasən, semaforun yaşıl “gözünü” qara kisə ilə bağlamalı və əl fənəri ilə qırmızı işıq göstərməliydi. Siqnal qülləsindən bir qədər kənarda başqa bir soyğunçu Con Deli eyni ölçülü fənərlə sarı işıq verməliydi. Üçüncü oğru Roy Ceyms basqın yerindən bir mil aralıda yük maşının kabinəsində oturmuşdu. Reynoldsun adamlarından biri Qlazqoda poçt qatarının yola düşməsini müşahidə edirdi və qatar tərpənən kimi, dərhal telefonla məlumat verdi ki, üzərinə Royal Mail yazılmış M30204M nömrəli vaqonda əskinaslarla dolu 124 kisə var.
Əvvəlcə Deli, sonra isə Vilson müvafiq siqnalları verdilər və qatar dayandı. Üzlərini maska ilə bağlamış Reynolds və köməkçiləri vaqonları açaraq, maşinistə meydançaya sürməyi əmr etdilər. Orada dəmiryolunun yanında Ceymsin yük maşını gözləməliydi. İki dəqiqədən sonra onlar artıq lazımi yerdəydilər. Yük maşını qatarı gözləyirdi. Soyğunçular vaqonun qapısını sındırıb, pulları beş dəqiqə ərzində maşına yüklədilər. İyirmi dəqiqədən sonra yük maşını Lezersleyddəki fermada idi. Yolda onların qarşısına bir avtomobil də çıxmamışdı. Onlar hamısı tikinti işlərinin getdiyini göstərən saxta yol nişanlarına inanaraq dolama yolla gedirdilər.
Yarım saatdan sonra ferma yaxınlığından havaya bir təyyarə qalxdı...
“Böyük ov”
Poçt qatarının qarət olunması işi Londondan olan briqadaya tapşırıldı. Onlara Skotlənd-Yarddan olan Cerald MakArtur rəhbərlik edirdi. O əvvəlcə 50 mil radiusunda hər tərəfi axtarmağı əmr etdi, bundan sonra radio ilə əhaliyə müraciət edərək, cinyətkarları tapmaq üçün kömək istədi. Onun sözlərini Lezersleyddəki fermada da eşitdilər və təşvişə düşdülər. Onları Çarlz Vilsonun sevgilisi Karin Fild vəziyyətdən çıxartdı. Cəlbedici gözəlçənin idarə etditi xırda yük maşınında sağ-salamat Londona gəldilər. Fermadan yola düşməzdən qabaq Vilson bütün barmaq izlərini yox etdi.
İki gündən sonra fermada polislər peyda oldular. Onlar xəbər əsasında gəlmişdilər. Kimsə polis şöbəsinə zəng vurub demişdi:
- Əgər poçt qatarını yaran uşaqları tutmaq istəyirsinizsə, Lezersleydə baş çəkin.
Sonradan məlum oldu ki, zəng vuran Reynoldsun əmriylə hərəkət edən polislərdən biri imiş və babat məbləğə onun şəriklərini ələ vermək tapşırığı alıbmış...
Ancaq ferma boş idi. MakArtur getmək əmri verməyə hazırlaşırdı ki, birdən əlahəzrət təsadüf köməyə gəldi. Haradansa yanında çəpiş gəzdirən balaca bir oğlan peyda olub, polislərin burada yaşayan və bir bardaq südə beş funt sterlinq verən səxavətli əmiləri axtarıb-axtarmaması ilə maraqlandı.
Bu sözlərdən sonra MakArtur ekspertlər cəlb edərək, hər şeyi bir daha nəzərdən keçirməyi əmr etdi. Xəfiyyələr stolun siyirməsindən “Monopoliya” stolüstü oyununu, onun üzərində isə barmaq izləri tapdılar. Beləcə, qarətçilərin hamısının adı polislərə bəlli oldu.
Qəzetlərdə elanlar verildi. Soyğunçulardan heç biri, təbii ki, könüllü təslim olmadı. Ancaq azadlıqda gəzərək, oğurluq pulları havaya sovurmaq da uzun sürmədi. Qordon Qudini şəhər kənarındakı hotelin penthausunda həbs etdilər. O, vaxt keçirdiyi fahişənin vannasını hər gün şampan şərabı ilə doldururmuş. Con Delini hamilə arvadına hər gün baş çəkməyə gəldiyi xəstəxanada tutdular. Polisləri Roy Ceymsin gizləndiyi yerə izinə düşdükləri arvadı gətirir. Tezliklə digərlərini də saxlayırlar. Onlar bahalı avtomobillər almağa və cıdır yarışlarına pul qoymağa başlayıblarmış. Ronald Biqqs də həbs olunur.
1964-cü il yanvarın 20-də məhkəmə prosesi başlanır. Hamısı günahını inkar edir, lakin mənbəyi aydın olmayan böyük məbləğdə pullar, ən əsası da “Monopoliya” oyunu üzərindəki barmaq izləri onlara sudan quru çıxmaq imkanı vermir. Çarls Vilson, Roy Ceyms, Brayan Fild, Tomas Vesbey, Ceyms Hassey və Ronald Biqqs ən yüksək müddətə (hərəsi 30 il) azadlıqdan məhrum edilirlər.
Ancaq məsələ bununla bitmir. 1964-cü il avqustun 13-də Çarlz Vilson, az sonra isə Ronald Biqqs həbsxanadan qaçırlar. Vilsonu tezliklə yaxalayırlar, ancaq Biqqs Avstraliyada yoxa çıxır. Orada onun yerini müəyyən etdikdə tez Braziliyaya uçur. İsti okeanın sahilində tezbazar qəşəng bir xanımla evlənir və oğlu dünyaya gəlir. Bununla da yeni doğulan Braziliya vətəndaşının atası ekstradisiya ehtimalına tüpürür.
Ekssentrik Britaniya vətəndaşı Braziliyada varlı olmasa da, pis yaşamırdı. Oğurladığı pulları polisdən gizlənərək, ora-bura qaçarkən xərcləmişdi. Onu sevir, onunla fəxr edir, relkamlara çəkirdilər. Amma yaş və sağlamlıq öz işini görürdü. Üç insult, mülaciəyə pulunun olmaması Ronald Biqqsi məcbur etdi ki, evə qayırmaq istəyini açıq şəkildə bəyan etsin. “Sun” qəzeti dərhal Biqqsin ardınca xüsusi təyyarə göndərməyə hazır olduğunu bildirdi.
Ronald Biqqsi Londonun Hitrou hava limanında təyyarınin pilləkənində həbs etdilər.
- Bir parç əsl ingilis pivəsi üçün necə də darıxmışam! - qoca quldur jurnalistlərə dedi. – Keçmişimə qaldıqda isə, heç nədən peşman deyiləm.
İnternet mənbələrindəki müxtəlif saytlardan götürülən və çox güman ki, Britaniya hüquq-mühafizə orqanlarının verdiyi faktlara əsaslanan hekayə bununla da başa çatır. Lakin bu macəraya yekun nöqtəni qoymaq hələ ki tezdir.
Şeytanın zarafatı
“Böyük qarət” kriminal süjetin maraqlı məntiq üzərində qurulduğu təsadüflər zənciridir. Bunu 1960-cı illərin sovet mətbuatında dərc olunan məqalələr də göstərir.
Daha bir personajı – Ceyms Qriffitsi xatırlayaq. Bu adam bütün həyatı boyu adi bank klerki vəzifəsində çalışıb. Onun heç bir xüsusi qabiliyyət sahibi olmadığını güman etmək olar, çünki öz kiçik kabinetində on illər boyu hər gün eyni yeknəsəq, adi işi yerinə yetirib. O məhv edilməsi nəzərdə tutulan köhnə əskinasların nömrə və dəyərlərini xüsusi jurnala köçürüb, sonra da xüsusi vaqona yüklənəcək pulları kisələrə yığıb və... Sonrası oxucuya məlumdur.
Ədalət naminə demək lazımdır ki, Qriffits son dərəcə dürüst bir insan olub. Onun əlindən hər gün külli miqdarda pul kütləsi keçib. Həmin pullardan o hər gün üç-beş funt sterlinq mənimsəyə, beləliklə, qocalığı üçün müəyyən kapital toplaya bilərdi. Ancaq o, tamahını saxlayıb və əmək fəaliyyəti boyunca bir penni də götürməyib. Beləcə, qoca Ceyms 65 yaşına çatanda pensiyaya çıxır. Bank rəhbərliyi çoxillik fəaliyyətinə görə ona yaxşı pensiya ayırır, bufetdə onun şərəfinə ziyafət təşkil olunur, bahalı hədiyyə verilir, ünvanına xoş sözlər deyilir.
Məmnun və azca kefli halda hücrəsinə qayıdan Ceyms Qriffits evə hazırlaşır. Bu zaman, necə deyərlər, şeytan onu yoldan çıxardır. Qoca klerk hələ möhürlənməmiş kisədən iki iyirmilik əskinas götürərək öz pulqabına qoyur. Bankın çıxışında isə onu xoşagəlməz sürpriz gözləyirdi. Həmin gün növbədə olan gözətçi şübhələndiyindən deyil, daha çox zarafat etmək məqsədilə Qriffitsi son dəfə yoxlayır. Uzun illər və fasiləsiz klerk işlədiyi qüsursuz fəaliyyəti ərzində ilk və son dəfə. Lənətə gəlmiş 40 funt aşkara çıxır, fərsiz oğrunu isə polisə apararaq, kameraya salır, dələduzluqda ittiham edərək, cinayət işi açırlar.
Günlərin bir günü kamerada təkbaşına oturub darıxan və taleyinin necə olacağını gözləyən Qriffitsin yanına daha bir məhbus salırlar. İkilikdə qalanda onlar tanış olurlar:
- Gəin, tanış olaq. Mən Bryus Reynoldsam...
Qriffits kanera yoldaşının gəlişinə sevinir, çünki kəlmə kəsməyə heç olmasa yanında canlı bir məxluq olacaqdı. Tezliklə Reynolds söhbətlərdən yeni tanışının azadlıqda olarkən harada işlədiyini öyrənir. Onun nağd pulların bank sistemində hansı yollardan keçdiyini əla bilən biri olduğunu anlayan kimi, israrla detalları soruşmağa başlayır. Qriffits biliklərini həvəslə bölüşür.
Cems Qriffitsin sonrakı taleyinin necə olduğu bəlli deyil. O, həyatını xırda adam kimi yaşadığından, yəqin ki, elə belə də dünyadan köçüb. Reynolsda gəldikdə isə, növbəti dəfə azadlığa çıxan kimi (istintaq bu dəfə də onun günahını sübut edə bilmədi) bankı soymaq planı üzərində gərgin düşünməyə başladı. Ancaq görünür, Tale özü də onun üzünə gülməyə başladı.
Filmin sonu
Elə bu vaxtlar London kinoteatrlarında “Cənab qarətçilər şərəf hesab edirlər” adlı yeni bədii film nümayiş olunurdu. Heç bir bədii məziyyəti olmayan ekran əsəri xəfiyyələr və quldurlar haqqında adi macəra janrındaydı. Bununla belə xeyli diqqət çəkdi. Həm də təkcə adi tamaşaçıların deyil, xəfiyyələrin və quldurlardan birinin. Bu da sonradan maraqlı hadisələrə gətirib çıxardı. Ona görə ki, filmin müəllifləri o zamanın macəra janrlı adi filmləri üçün xarakterik olmayan bir məsələni qabartmışdılar: hər bir kriminal planın uğuru cinayətkarların cəsurluğundan, diribaşlığından, silahdan məharətlə itifadə etməsindən,əlbəyaxa döyüşü yaxşı bacarmasından deyil, dəqiq təşkilatçılıqdan, dəmir intizamdan və hamının bir rəhbərə, yaxud beyin mərkəzinə sözsüz tabe olmasından asılıdır.
İndisə gəlin görək filmdə söhbət nədən gedirdi? Əlbəttə, poçt qatarının qarət olunmasından! Məsələnin ən maraqlı cəhəti isə odur ki, Reynolds və dəstəsi filmin ssenarisini, demək olar ki, olduğu kimi təkrarlamışdılar.
Skotlənd-Yard rəhbərliyi də xəfiyyə idarəsinin bütün əməkdaşlarını təlimat üçün “Cənab qarətçilər şərəf hesab edirlər” filminə baxmağa məcbur etdi. Filmə bekarçılıqdan kinotetrda vaxt öldürməyə çalışan Bryus Reynolds da baxmışdı. O, zaldan ruhlanmış halda çıxdı. Filmin müəllifləri özləri də istəmədən ona mahiyyətcə hazır hərəkət planı vermişdilər. Təkcə qatarın dayancaq məntəqələrini müəyyən etmək, etibarlı adamlar seçmək, hər birinə ayrıca rol vermək, onların hərəkətini dəqiq ölçüb-biçmək, cinayət yerindən uzaqlaşmaq üsulunu tapmaq və qarətdən sonrakı ilk günlərdə dəstə üzvlərinin yaşayışını təşkil etmək qalırdı. Bütün bunlara artıq deyildiyi kimi, yarım il getdi.
Xəfiyyətlərə gəldikdə isə, hadisələr göstərdi ki, kinoda gördükləri cinayəti eynilə həyatda araşdıracaqları onların ağlına belə gəlməzdi.
Polislər Londonun “Hitrou” hava limanında Ronald Biqqsi maşına aparanda reportyorlar onları əhatəyə alaraq suallar yağdırdılar:
- Bəs pullar hanı? Pullar...
- Məndə deyil, - Ronald Biqqs gülümsədi.
Polis 2,6 milyon funt sterlinqdən cəmi 343 minini tapa bildi. Qalanı tapılmadı.
Nadir Quliyev
AzVision.az
Teqlər: Kriminal